Xət gəldi ruyi-dilbərə, ey dil, hicabı var
Xət gəldi ruyi-dilbərə, ey dil, hicabı var, Zülfi-siyahıtək o gülün piçü tabı var.
Hərçənd hüsnə yazdı qəzəl kilki-süni-xət, Amma rümuzi-nazə hələ yüz kitabı var.
Gəldi xəti əgərçi üzə xari-xüşktək, Gülbərgi-tərdi ləli, hələ abü tabı var.
Bu şərmdən ki, dil – üzün ayinədir – demiş, Simab kimi lərzə edər, iztirabı var.
Yadi-ləbi-nigarım ilə vurduğuna laf Oldu həram badə, dilin ictinabı var.
Rəncidə eyləyib gülü bülbül fəğan ilə, Başın çəkib qanadına, güldən hicabı var.
Bülbül, keçirmə bağdə qəflətlə ömrüvü, Gül açılıbdı, getmək üçün çox şitabı var.
Hərdəm ölür görəndə rəqib ilə yarını, Öldürsə Seyyidi o şahə çox səvabı var.