Xəm qədilə ağılaram ol türreyi-tərrarsız
Xəm qədilə ağılaram ol türreyi-tərrarsız, Gərçi derlər çəngdən çıxmaz tərənnüm tarsız.
Sineyi-çakimdən əksik etmə tiri-qəmzəni, Ey güli-rə’na, bilirsən kim, gül olmaz xarsız.
Saxlamazdım navəkin gözdə, bəlasın çəkməsəm, Su verib ol nəxli bəslərdimmi olsa barsız?
Yol azarsan zülməti-heyrətdə, ey dil, vaqif ol, Zinhar, ol kuyə varma ahi-atəşbarsız.
Giryəyi-zar ilə xoşhaləm ki, bəhri-eşqdə, Əşksiz göz bir sədəfdir, lö’löi-şəhvarsız.
Canə azari-xədəngin xoş gəlir, ey qaşı yay, Bir sifariş qıl ki, bizdən ötməsin azarsız.
Zöhddən keçməz Füzuli, eyləməz tərki-riya, Pənd çox verdim, eşitməz arsızdır, arsız.
Lüğət: Tərrar – hiyləgər, adam aldadan, əyyar; Navək – ox; Nəxl – xurma ağacı; Zinhar – saqın, aman; Atəşbar – od yağıdıran; Xədəng – ox; Zöhd – zahidlik