Əsas məzmuna keç

Qəzəl

Xəlqə xublardan vüsali-rahətəfzadır qərəz

Məhəmməd Füzuli

1

Xəlqə xublardan vüsali-rahətəfzadır qərəz, Aşiqə ancaq təsərrüfsüz təmaşadır qərəz.

Zahida, tərk etmə şahidlər vüsali-rahətin, Gər ibadətdən həmin qilmanü huradır qərəz.

Hurü kövsərdən ki, derlər rövzeyi-rizvanda var, Saqiyi-gülçöhrəvü cami-müsəffadır qərəz.

Zövqsüz lazım çıxar dünyadan ol dünyapərəst Kim, ona dünyadan ancaq zövqi-dünyadır qərəz.

Rahət olsaydı qərəz, dünyadə fəqr istərdi xəlq, Qaliba kim, xəlqə bir bihudə qovğadır qərəz.

Arif ol, sövdayi-eşq inkarın etmə, ey həkim Kim, vücudi-xəlqdən ancaq bu sevdadır qərəz.

Qıl Füzuli, tərk ibrami-təkəllüm kim, yetər, Surəti-halın, gər izhari-təmənnadır qərəz.

Lüğət: Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam; Şahid – gözəl; Rizvan – behiştin, cənnətin baxıcısı; Müsəffa – durulmuş, saflaşmış; İbram – üzə salıb rica etmək; bir işi bir adamın boynuna güc ilə, utandıra-utandıra qoymaq, israr

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.