Əsas məzmuna keç

Qəzəl

Vəslində idim möhnəti-hicranı bilirdim

Seyid Əzim Şirvani

1

Vəslində idim möhnəti-hicranı bilirdim, Cənnətdə ikən atəşi-niyranı bilirdim.

Qafil o səri-zülfüvə dil vermədim, ey gül, Əlbəttə ki, bu hali-pərişanı bilirdim.

Hərçənd ki, bimar gözün xəstəsi oldum, Mən olmayacaq dərdimə dərmanı bilirdim.

Vəslində əgərçi neçə gün şad idim, ey məh, Mən kineyi-bu gərdişi-dövranı bilirdim.

Ol gün ki, qədəm şövq ilə bu gülşənə qoydum, Mən sərzənişi-xari-müğilanı bilirdim.

Müşgüldü dəxi aqibəti-kar ola məhmud, Ağazdə bu möhnəti-payanı bilirdim.

Ol gün ki, dilə düşdü sənin şövqi-dəhanın, Mən onda olan nükteyi-pinhanı bilirdim.

Zülfün anıban sureyi-«Vəlleyl» oxuyurdum, Mən hər gecə bu məniyi-quranı bilirdim.

Yadə salıban ruyüvi «Vəşşəms» oxurdum, Keyfiyyəti-xurşidi-dirəxşanı bilirdim.

Mən bilməz idim sureyi-«İxlas»dan özgə, Tövhidi-xudavənddə mənanı bilirdim.

Seyyid, bu qəzəl mətləin etdikdə sən inşa, Zimnində olan rəmzi, müəmmanı bilirdim.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.