Vəsli-yar ilə yetişdi hamı bayramə, könül
Vəsli-yar ilə yetişdi hamı bayramə, könül, Yetmədin dövləti-didar ilə sən kamə, könül.
Daneyi-əşk töküb etmə təmənnayi-visal, Gəlməz ol mürği-hümapişə bizim damə, könül.
Xəlqə eyd oldu, vəli, mahi-məhərrəmdi mənə Ki, fəraq ilə günüm döndü bu gün şamə, könül.
Göz qərasın həll edib xameyi-müjgan ilə, Yeri vardır yazasan dilbərə bir namə, könül.
Ruzi-eyd oldu, mənim yari-güləndamım yox, Nə həvəs eyləyim ol badeyi-gülfamə, könül.
Yetmək olmaz bu gün ol dilbəri-siminbədənə, Düşmə bica yerə sən bu təməi-xamə, könül.
Seyyida, ol məhi-bimehr fərağında bu gün Nə edər badəyə rəğbət, nə baxar camə könül.