Əsas məzmuna keç

Qəzəl

Vermənəm könlümü bir dilbərə bundan sonra

Seyid Əzim Şirvani

1

Vermənəm könlümü bir dilbərə bundan sonra, Olmanam aşiq o siminbərə bundan sonra.

Aldı iymanımı əldən, məni bidin elədi, Aşina olmanam ol kafərə bundan sonra.

Oxşayır mahi-fələk çünki üzari-yarə, Baxmanam mən bu məhi-ənvərə bundan sonra.

Badənin ləli-ləbi-dilbərə çün nisbəti var, Tökmənəm badəni mən sağərə bundan sonra.

Ənbərin zülfüvün ol qədr ziyanın deyərəm, Kimsə rəğbət eləməz ənbərə bundan sonra.

Dəxi ol sərvqədin kuyinə cənnət deyibən Gəzmənəm küçələri heyvərə bundan sonra.

Etmənəm zülfüvün ovsafını, şair deməsin O pəri Seyyidi-qəmpərvərə bundan sonra.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.