Vəchində peydadır sənin ənvari-zati-kibriya
Vəchində peydadır sənin ənvari-zati-kibriya, Ol nurə qarşı daima şərməndədir şəmsüzzüha.
Leyli cəmalından cüda Məcnun kimi sərgəştəyəm, Fərhadivar istər könül Şirin dodağından şəfa.
Cami-müsəffadən mənə saqi içirdi bir qədəh, Sufi nə bilsin mən necə ol camdən buldum səfa.
Hər kim ki, tövhid əhlidir, ol didü vadid əhlidir, Ruzi-əzəldən ta əbəd istər kəmali-müntəha.
Eynəl-yəqin həq sirrinə idrak edən insan mənəm, Ey mə’rifətdən bixəbər, insafa gəlgil, biriya.
Canı, cahanı sənsizin neylər Nəsimi xəstədil, Səndən müdam ehsan umar, çün kim, gədadır binəva.
Lüğət: Ənvar – Nurlar; Kibriya – Böyüklük, əzəmət; Şərməndə – Utanmış; Şəmsüzzüha – Səhər günəşi; parlaq günəş; Leyl – Gecə; Cüda – Ayrı; Cami – müsəffa – Saf şərab; Tövhid – Birlik; Eynəl – yəqin – Yəqin etmənin 2-ci (görmə) mərhələsi