Varsa eşqin ey könül, canan yadından çıxmasın
Varsa eşqin ey könül, canan yadından çıxmasın, Zövqün olsun surəti-xuban, yadından çıxmasın.
Arizi-mahi-nigarı tutsa, əbri-tari-zülf, Dilsiyah olma, ləbi-xəndan, yadından çıxmasın.
Çıxsa da peymanə bir vaxtı yadından eybi yox, Hüşyar ol sevgilim, peyman, yadından çıxmasın.
Müşkülə düşsə işin, çox da darıxma, səbr qıl, Hər çətinlikdən sora asan, yadından çıxmasın.
Hansı bir məsləkdəsən, hər yoldasan, yoxdur sözüm, Tövsiyəm yalnız budur, vicdan, yadından çıxmasın.
Ali bir mənsəblə bu dövran ucaltsa başını, Həq, ədalət, mərhəmət, ehsan, yadından çıxmasın.
Süfrən olduqca müzəyyən neməti-əlvan ilə, Ey Şəfai, süfrəi-binan yadından çıxmasın.