Əsas məzmuna keç

Qəzəl

Vaiz, demə kim, zail edər əqli piyalə

Seyid Əzim Şirvani

1

Vaiz, demə kim, zail edər əqli piyalə, Billah ki, piyalə gətirir mərdi kəmalə.

Sən özgə günah eyləmə, iç badeyi-gülgun, Ondan nə günah olsa, mənə eylə həvalə.

Mən müctəhidi-əsr, cahan əhli müqəllid, Təcviz-meyi-nabə yazıldı bu risalə.

Xətdirmi tutan dövri-rüxi-dilbəri, ya kim, Müşk ilə çəkildi genə ay dövrünə halə.

Nazikdi gül, əmma hanı güldə bu lətafət, Ey «səlli əla ali-Məhəmməd» bu cəmalə.

Əhd eyləmişəm, könlümü zülfündən alan gün, Qurban eləyim guşeyi-çeşmindəki xalə.

Seyyid, dəhəni-yardən etmə bu qədər bəhs, Yoxdan nə danışmaq, nə düşürsən belə qalə.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.