Əsas məzmuna keç

Qəzəl

Üzünü məndən nihan etmək dilərsən, etməgil!

İmadəddin Nəsimi

1

Üzünü məndən nihan etmək dilərsən, etməgil! Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!

Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb, Aşiqi bixaniman etmək dilərsən, etməgil!

Qaşların qövsündə müjganın xədəngin gizləyib, Ey gözü məstanə, qan etmək dilərsən, etməgil!

Canımı vəslin şərabından ayırdın, ey gözüm, Eynimi gövhərfəşan etmək dilərsən, etməgil!

Qoymuşam eşqində mən kövnü məkanın varını, Can nədir kim, qəsdi-can etmək dilərsən, etməgil!

Bürqəi üzündən açarsan məgər naməhrəmə, Gizli əsrarı əyan etmək dilərsən, etməgil!

Yandırırsan könlümü eşqində, mə’lum oldu kim, Anı risvayi-cahan etmək dilərsən, etməgil!

Doğruyam eşqində oxtək, kirpigin tanıqdurur, Qəddimi neyçün kaman etmək dilərsən, etməgil!

Çünki eşqin məskənidir könlümün viranəsi, Həsrətə anı məkan etmək dilərsən, etməgil!

Çün yəqin bildi Nəsimi ağzının var olduğun, Ol yəqini sən güman etmək dilərsən, etməgil!

Lüğət: Bərg – Yarpaq; Bürqə – Niqab, örtük; Əsrar – Sirlər

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.