Əsas məzmuna keç

Qəzəl

Üzündə nurunu gördü əzəl günündə ilah

İmadəddin Nəsimi

1

Üzündə nurunu gördü əzəl günündə ilah, Dedi ki: əşhədü-ən-la-ilahə-illəllah

Bu hüsnü lütf ilə kim gördü gögdə ya yerdə Mələk surətlü bəşər, ya günəş sifətlü mah?

Gər günah isə qılmaq üzün qatında sücud, Mən eylərəm bu günahı ki, fərz imiş bu günah.

Götür niqabıvü xəlqi qul eylə hüsnünə kim, Məlahət əhlinə sənsən əmirü sənsən şah!

Hidayət eylədi qalu bəlada nura məni Qara gözün, qara qaşın, bəninlə zülfi-siyah.

Qul oldu hüsnünə hurü mələk, nə surətsən, Zəhi inayətü izzət, zəhi məratibü cah!

Nə hüsn imiş bu ki, vəsfində ruhi-natiqənin Dili tutulduvü qıldı hədisini kutah.

Iki gözün əgər əgri degilsə, baxma iki Ki, vəhdət əhlinə həqdən bilindi doğru rah.

Cahanda xalü xətindən rüxün çəri çəkmiş, Zəhi şəhənşəhi-ə’zəm, zəhi uğurlu sipah!

Kərahət eyləmə aşiqdən, əbsəm ol, zahid, Ki, yoxdur əhli-bəsirət qatında hiç ikrah.

Camalü-surətinə kim ki, olmadı qurban, Iki cahanda nəsibi nədamət olduvü ah.

Cahan içində Nəsimi əliftək olduvü fərd, Əgər inanmaz isən üştə şər’, üştə güvah!

Lüğət: Hidayət – Doğru yolda rəhbərlik; Zəhi – Afərin; Çəri – Qoşun D; Əbsəm – Lal; Güvah – Şahid

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.