Üzün nuri-təcəlli məzhəridir
Üzün nuri-təcəlli məzhəridir, Sözün dadlısı abi-kövsəridir.
Rüxün şəm’i şüasından nünəvvər, Fələkdə mahü mehrü Müştəridir.
Gözün sehrindən ol Harutü Marut, Asılmış Çahi-Babildə, yeridir.
Fələklər üz sürərlər ayağına, Mələklər xidmətində çakəridir.
Əzazil qaçdı vəslin qürbətindən, Anınçün tövqi-lə’nət zivəridir.
Sədəfdir cümlə məxluqun vücudu, Vücudun ol sədəflər gövhəridir.
Dəmi-Isa ölü dirildər, amma Dəmindən Xızr ilə Isa diridir.
Camalın mö’mini mö’minə mir’at Ki, daim mö’minin ol mənzəridir.
Nəsimi gövhəridir bəhri-eşqin, Bu bəhrə dalmayan divü pəridir.
Lüğət: Təcəlli – Əzəmətli zühur etmə; Çakər – Nökər; Tövq – Halqa, boyunbağı; Mir – Ağa; Bəhr – Dəniz