Əsas məzmuna keç

Qəzəl

Üzün günündən, ey qəmər, ənvara düşmüşəm

İmadəddin Nəsimi

1

Üzün günündən, ey qəmər, ənvara düşmüşəm, Anəstünarən olmuşam, ol nara düşmüşəm.

Darüs-səlami-hüsnünə, ey cənnətin gülü, Düşdüm əzəldə, gör ki, nə gülzara düşmüşəm.

Düşdüm xəyali-zülfünə, ey müttəqi, məni Təsbihə də’vət etmə ki, zünnara düşmüşəm.

Fikrimdədir xəyalı gözünlə ləbin müdam, Yərəb, nə rəsmə xəmrəvü xummara düşmüşəm?

Canü cahanı vəslü camalın bahasına Verdim əzəldə, gör ki, nə bazara düşmüşəm.

Şeytandır ol ki, surətinə qılmadı sücud, Şeytana münkir olmuşam, inkara düşmüşəm.

Ey vəhdətin meyindən uşalan xumarına, Məsti-ələstə sor ki, nə meyxarə düşmüşəm.

Faş eylədim cahanda ənəlhəq rümuzunu, Doğru xəbərdir, anın üçün dara düşmüşəm.

Kən’ani Yusifin ləbi-şirini buldum uş, Fikr eylə kim, nə tüngi-şəkərbara düşmüşəm.

Eşqin qədimü zülfü rüxün daimüləbəd, Yarəb, nə incə işü uzun kara düşmüşəm.

Ey sübhdəm yeli, nə ögərsən tatarını, Mişkin saçında gör ki, nə tatara düşmüşəm.

Hüsnün hürufunu mana verdi səbəq rüxün, Dərsim bu əbcəd olduvü təkrara düşmüşəm.

Gördü Nəsimi mə’şuqunun üzünü bu gün, Həqqi bilən bilir ki, nə dildara düşmüşəm.

Lüğət: Qəmər – Ay; Ənvar – Nurlar; Zünnar – müsəlman dövlətlərində yaşayan xristianların bağladığı qurşaq; Münkir – İnkar edən; Rümuz – Rəmzlər S

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.