Üzün bərgi-güli-tərdir, güli-tər
Üzün bərgi-güli-tərdir, güli-tər, Boyun sərvi-sənubərdir, sənubər.
Xuraman qamətin bər çeşmeyi-çeşm, Səmənbərdir, səmənbərdir, səmənbər.
Sənin şəm’i-camalından vücudum Münəvvərdir, münəvvərdir, münəvvər.
Bəninlə zülfü rüxsarın həmişə Müənbərdir, müənbərdir, müənbər.
Mana peyvəstə şol mehrabi-əbru Bərabərdir, bərabərdir, bərabər.
Zəhi dövlət ki, vəslin gah-gahı Müyəssərdir, müyəssərdir, müyəssər.
Dimağım buyi-zülfündən dəmadəm Müəttərdir, müəttərdir, müəttər.
Sənin nəqşi-xəyalın can içində Müsəvvərdir, müsəvvərdir, müsəvvər.
Sənayedən nə sən’ətdir, Nəsimi Mükərrərdir, mükərrərdir, mükərrər.
Lüğət: Bərg – Yarpaq; Çeşm – Göz; Münəvvər – Nurlu; Şol – O; Əbru – Qaş; Zəhi – Afərin; Dimağ – Kəllə, beyin; Müsəvvər – Təsvir edilmiş