Əsas məzmuna keç

Qəzəl

Tökülür gözlərimin, xəttini görcək, yaşi

Seyid Əzim Şirvani

1

Tökülür gözlərimin, xəttini görcək, yaşi, Çox təəccübdü bulud səbzədən olmuş naşi.

Yeni ay çəkdimi çərx üzrə fələk nəqqaşi, Ya salıb əks o məhi-çardəsalın qaşi?

Sayeyi-nəxli-qədin sərvə düşəndən, ey gül, Ucalıbdır fələkə fəxr ilə sərvin başi.

Qoydu tənha məni bu badiyeyi-möhnətdə, Yoxdu Məcnunda vəfa, gözləmədi yoldaşi.

Gecə-gündüz ki, özü məsti-riyadır zahid, Badədən bəs nə üçün mən qılır ovbaşi?

Kəbədə olsa da zahid ki, təvaf etməzdi, Səngi-meyxanədən olsaydı əgər bir daşi.

Nəçidir şerdə Bixud sənə həmta olsun, Seyyida, püxtə ilən tən gələ bilməz naşi.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.