Əsas məzmuna keç

Qəzəl

Tökdükcə qanımı oxun, ol asitan içər

Məhəmməd Füzuli

1

Tökdükcə qanımı oxun, ol asitan içər, Bir yerdəyəm əsir ki, toprağ qan içər.

Əhli-zəmanə qanına çox təşnədir zəmin, Qanın kimin tökərsə fələk, ol zəman içər.

Mey içmədən açılmaz imiş babi-məğfirət, Sövgəndlər bu babdə piri-müğan içər.

Üqbadə Kövsər istəməsin rindi-meykədə, Dünyadə bəs degilmi meyi-ərğəvan içər?

Qəmzən görünməyib gözə, qanlar içər müdam, Zahid kimi ki, badəni eldən nihan içər.

Meydən əgərçi tövbə verir el Füzuliyə, Ey sərv, sən qədəh sunar olsan, rəvan içər.

Lüğət: Zəman – zamin; Sövgənd – and, qəsəm; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.