Təsəvvür eyləmə kim, məst edibdi badə məni
Təsəvvür eyləmə kim, məst edibdi badə məni, Gözündü məst qılan badədən ziyadə məni.
O tari-türrələrin eylə boynuma zəncir, Cünuna var həvəsim, qoyma biqəladə məni.
Ümid var ki, tutam bir tərəfdə damənini, Sovursalar kül edib firqətində badə məni.
Mənəm ki, aləm ara şəhsüvari-izzət idim, Bu ərsəgahdə mat etdi bir piyadə məni.
Yavuqdu kim, bu fərəhdən öləm, eşitdim çün Şəhid qılmağa yar eyləyib iradə məni.
Muradım ol məh əlində şəhid olmaqdır, Nolur yetirsə fələk rəhm edib muradə məni.
Cəmali nəqşini sinəmdə səbt edib, Seyyid, Salıbdı rəngə bu gün ol nigari-sadə məni.