Əsas məzmuna keç

Qəzəl

Tərki-mey qıllam dedim mən, bir də bir cam içmərəm

Məhəmmədəli Şəfai

2

Tərki-mey qıllam dedim mən, bir də bir cam içmərəm, Kim içir içsin neçə, mən bi sərəncam, içmərəm.

Əhd edib söz vermişəm öz könlümə, bundan sora, Hər yetənlə əyləşib bir süfrədə xam, içmərəm.

Əhli-dərdəm, həm özüm dərd əhlinin qurbanıyam, Etmərəm həmdərdsiz bir bəzmə iqdam, içmərəm.

Cami-cama vurmağa hal əhli, həmdəmlər gərək, Əhl-qal ilə yüz il bicam qalsam, içmərəm.

Bir, iki, üç camidən saqi, ilac olmaz mənə, Dalbadal peymanə ver, mən bir-iki cam, içmərəm.

Xüm ayağına düşüb, ta olmasam məstü xərab, Olmaram meyxanələr bəzmində bədnam, içmərəm.

Al əlimdən bir qədəh ey məh, sən öz canın dedim, Söylədi:—əfv eylə, meylim yoxdu, allam, içmərəm.

Qəm dağıtmaqdır Şəfai, məqsədim meyxanədə, Gər alam asudəlikdən dəhridə kam, içmərəm.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.