Tənimdə zəxmi-tiğin çeşmi-xunəfşanə bənzətdim
Tənimdə zəxmi-tiğin çeşmi-xunəfşanə bənzətdim, Oxun kim, səf-səf ətrafındadır, müjganə bənzətdim.
Bəqayi-ruhimi bildim zülali-lə’li-nabindən, Həyatımdır dedim, bağrıma basdım, qanə bənzətdim.
Sökülmüş köksümü kim, doludur qəmzən xəyalilə, Həramilər yatağ mənzili-viranə bənzətdim.
Tənimdən incinib çıxmış rəvan can kimi peykanın, Neçük incinməsin, yetdikdə zövqün, canə bənzətdim.
Gözümdə bəslənib, qiymət bulan peykanını gördüm, Sədəfdə gövhər olan qətreyi-baranə bənzətdim.
Füzuli, öldürər hər dəm məni əhli-nəzər tə’ni Ki, neyçün yar lə’lin çeşmeyi-heyvanə bənzətdim.
Lüğət: Zəxm – yara; Hərami – oğru, yolkəsən, adamsoyan; Peykan – ox