Əsas məzmuna keç

Qəzəl

Təalallah, gəl ey gör kim, yenə nuri-xuda gəldi

Şah İsmayıl Xətai

1

Təalallah, gəl ey gör kim, yenə nuri-xuda gəldi, Cəmii-ənbiya xətmi Məhəmməd Mustafa gəldi.

Sevindi cani-aşiqlər, açıldı bəxti-sadiqlər, Oyandı ruhi-mö’minlər, səfa gəldi, səfa gəldi.

Zəminlərdə, zəmanlarda səlahül-xeyr məqdəmdir, Fələklərdən, mələklərdən hezaran mərhəba gəldi.

İrişdi mürşidi-kamil, qamu əhli-aman oldu, Sevindi ğazilər cümlə ki, xətmi-ənbiya gəldi.

Həqə məzhərdürür Adəm, sücud et, uyma iblisə Ki, Adəm donuna girmiş xuda gəldi, xuda gəldi.

Firiştə endi göglərdən, bəşarət əhli-ürfanə, Xəvaricə əcəl yetdi, Yezidlərə bəla gəldi.

Zəlalət içrə zülmətdə itirmişdin çırağını, Gözün aç, çıx bu zülmətdən ki, bir bədri-düca gəldi.

Xəlilullah donin geymiş, verilmiş adı İsmail, Ona qurban olun canlar ki, Allahdan nida gəldi.

Gözəl şahım, qəmər mahım, muradgahım, könülxahım, Cəmali-məzhərrüllahım, kərimi-övliya gəldi.

Əzazil adlı şeytanın, yetər, təqlidinə uyma, Əlin dut, həq yolun görsət, imami-rəhnüma gəldi.

Cəhanı sehr ilə Fir’on özinə tabe etmişdi, Oları yutmağa Musa əsası əjdəha gəldi.

Bahadır qazilər qoydu, başında taci-dövlət var, Budur Mehdi zəman dövri, cəhan nuri-bəqa gəldi.

Gözü sadü dili taha, yanağı qaf vəlqur’an, Qaşu nunü saçı vəlleyl, yüzi şəmsüz-züha gəldi.

İmami-Heydər oğluna dilü candan riza ver gəl İmamım Cə’fəri Sadiq, Əli, Musa, Riza gəldi.

Xətayi xəstə şol şahin cəmalın vəslini istər, Rəvan ver can satun algil ki, elmi-can bəha gəldi.

Lüğət: Təalallah – Allah yüksəkdir; Nuri – rəhman – ilahi nur; Ənbiya – nəbilər, peyğəmbərlər; Qamu – hamı; Firiştə – mələk, çox gözəl; Bəşarət – xoş xəbər, muştuluq; Bədr – bütöv ay; Qəmər – ay; Kərim – səxavətli; Əzazil – şeytan; Rəhnüma – yol göstərən; Dili – şeyda – vurğun ürək, sevən könül; Şol – o; Vəsl – qovuşmaq; Rəvan – həyat, diri, axan, gedən, ruh, can; Bəha – qiymət, dəyər

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.