Əsas məzmuna keç

Qəzəl

Tazə-tazə naz edən bu məhliqalər tazədir

Məhəmmədəli Şəfai

4

Tazə-tazə naz edən bu məhliqalər tazədir, Eşqi sevdalər də tazə dilrübalər tazədir.

Tazədən saldı məni qovğayi eşqə tazələr, Nayi-qəlbimdə o babətdən nəvalər tazədir.

Növbahar ənbərli geysulərdədir müşki-xütən, Gör neçə ruh artıran badi-səbalər tazədir.

Tazə güllər eşqinə bülbüllər olmuş nəğməsaz, Seyri-gülzarü çəmənlərdə səfalər tazədir.

Tazədir hüsni-vəcahət, tazə nazü qəmzələr, İşvə tazə, şivələr tazə, zəkalər tazədir.

Keçdi Məcnun dövrü, köhnəldi sözü leylalərin, İndi cananlar yolunda canfədalər tazədir.

Qalmadı köhnə vəfa, getdi vəfasızlar kimi, İndi bu tazə gözəllərdə vəfalər tazədir.

Surətən köhnəlsə də bu tazələr aşiqləri Aləmi-mənada ol əhli-ziyalər tazədir.

Tazədir bu köhnə cismim içrə qəlbim şövqü var. Hər zaman başımda eşqi-dilrübalər tazədir.

El arasında məsəl var: -aşinanın köhnəsi. İndi huşyar ol Şəfai, aşinalər tazədir.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.