Əsas məzmuna keç

Qəzəl

Tabəndə üzün təl’əti xurşidi-taban göstərir

İmadəddin Nəsimi

1

Tabəndə üzün təl’əti xurşidi-taban göstərir, Şol sidreyi-ə’layı gör, sərvi-xuraman göstərir.

Üzün rümuzu şərh edər inna fətəhna, ey nigar, Kim, vəhyi-mütləq sirrini aləmdə pünhan göstərir.

Cami-ələl-ərş istiva rəhmanı həqdən buldum uş, Ol mə’nindən həq daima mö’cüzü bürhan göstərir.

Yaxdı fəraqın uş məni sər ta qədəm Musa kimi, Firqətdə yanan aşiqə gör kim, nə hicran göstərir.

Lö’löi-nabın vəsfini axıtdı qəmdən gözlərim, Gör kim, necə hər qətrəsi dəryayi-ümman göstərir.

Rüxsarın üzrə zülfünü dağıtma nəsrin üzrə kim, Zülfi-siyahın gör necə küfr ilə iman göstərir.

Gərçi dodağın vəsfini sordum mən anı arifə, Lə’lin şərabı Xızra gör nə abi-heyvan göstərir.

Oldu xəyalından zəif cismi Nəsiminin, yenə Dərmanı səndədir, şəha, kimdir ki, dərman göstərir?

Lüğət: Tabəndə – Parıldayan; Xurşid – Günəş; Şol – O; Rümuz – Rəmzlər S; Cami – müsəffa – Saf şərab; İstiva – Ekvator xətti; Bürhan – Dəlil, sübut; Sər – Baş

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.