Ta üzün gördüm, nigara, qəmdən azad olmuşam
Ta üzün gördüm, nigara, qəmdən azad olmuşam, Qulluğunda padişahım, hüsnünə şad olmuşam.
Gəlmişəm didarına ta canımı qurban edəm, Ey dodağı, cani-Şirin, gör nə Fərhad olmuşam.
Ta camalın müshəfindən oxuram səb’ül-məsan, Səb’əxanam, hafizəm, təfsirdə ustad olmuşam.
Laməkanın eyni-mə’murundan oldun, ey həbib, Laməkan əsasına gör kim, nə bünyad olmuşam.
Qamətindən ta iraq etdi məni dövri-fələk, Həsrətindən mən qulami-sərvi-azad olmuşam.
Çün səni gördü Nəsimi der bəavazi-bülənd: Eşq ilə mən aşinayəm, əql ilə yad olmuşam.
Lüğət: Laməkan – Məkansız; Həbib – Dost, sevgili; Bülənd – Uca