Əsas məzmuna keç

Qəzəl

Ta sirişki-dideyi-Fərhadi gördü laləgun

Məhəmməd Füzuli

1

Ta sirişki-dideyi-Fərhadi gördü laləgun, Çeşmələr suyini gözdən saldı kuhi-Bisütun.

Ta ələm qaldırdı ahi-atəşinim, şərm edib, Qıldı xurşidin fələk zərrin livasın nilgun.

Daş bağrlı olmasaydı Bisütun, Fərhad üçün, Su yerinə gözlərindən axıdardı seyli-xun.

Ey görən min dağ ilə səbrü səbatım, eyləmə Nisbətim Fərhadə kim, bir dağ ilə olmuş zəbun.

Quş yuvası sanma kim, sərgəştə Məcnun başinə Xarü xəs cəm’ eyləmiş girdabi-dəryayi-cünun.

Ta göründü səfheyi-hüsnündə xəttin, rəşkdən, Daşə çaldı afitabi-sadəlövhin çərxi-dun.

Ey Füzuli, xaki-kuyi-yarə yetdim, qanı Xizr Kim, verəm kamın, olam abi-həyatə rəhnümun.

Lüğət: Sirişk – göz yaşı; Zərrin – qızıldan qayrılma; Zəbun – düşkün, aciz, zəif; Sərgəştə – avara, heyran; Cünun – dəlilik, divanəlik; Rəşk – həsəd, qısqanmaq; Dun – alçaq, əskik; Rəhnümun – yol göstərən

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.