Əsas məzmuna keç

Qəzəl

Ta şanə olub ülfəti-zülfündən olam şad

Seyid Əzim Şirvani

1

Ta şanə olub ülfəti-zülfündən olam şad, Şadəm ki, dönəm xakə, qubarım ola şimşad.

Şadəm ki, məni eşqdə qəmgin görüb ol şux, Gültək açılır xatiri, halımdan olur şad.

Mərgim mənim asandı, vəli müşkil odur kim, Məndən sora eylər kimə cövr ol büti-naşad.

Aləmdə mənəm Leyliyi-əsrari-həqiqət, Məcnunu mənəm məst qılan, eyləyən irşad.

Cəzb eyləməsəydi onu şuri-ləbi-Şirin, Dağlarda külung çalmaz idi başına Fərhad.

Saqi, elə məxmurü xərab et məni meydən Kim, olmaya məqdur dəxi eyləmək abad.

Seyyid, yetişib aləmə fəryadü fəğanım, Fəryad ki, təsir eləməz ol gülə fəryad!

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.