Ta səni gördüm, nigara, dil mana yar olmadı
Ta səni gördüm, nigara, dil mana yar olmadı, Gərçi yar oldu, vəleykin yari-ğəmxar olmadı.
Gərçi şirin ləb cəhan mülkində çoxdur bişümar, Höqqeyi-lə’lin kimi hərgiz şəkərbar olmadı.
Gül gülüstan içrə çoxdur nazikü ziba, vəli Arizin tək, ey sənəm heç güldə rüxsar olmadı.
Xanda kim, mə’şuq ola, kuyində vardır çox rəqib, Xansı güldür kim, anun yanında bir xar olmadı?
Ta səni gördü Xətayi, valehü şeydayidir, Xansı gözdür həq yüzin görgəc ki, bidar olmadı?
Lüğət: Nigar – sevgili, bəzəkli; Dil – ürək; Ləb – dodaq; Hərgiz – heç vaxt; Ziba – gözəl; Vəli – ancaq, lakin; Ariz – yanaq; Bidar – oyaq