Ta səhər şami-fərağın kövkəbəfşandır gözüm
Ta səhər şami-fərağın kövkəbəfşandır gözüm, Əşki-gülgun içrə, ey bimehr, pinhandır gözüm.
Gəh gözün yadilə könlüm dərd ilə bimardır, Gəh ləbi-ləlin xəyalindən dolu qandır gözüm.
Gəh gözüm əhvalına könlüm qılır fəryadlər, Gah könlüm dərdinə suz ilə giryandır gözüm.
Dövri-çeşmi-əşkbarımda səfi-müjkan degil, Ol pərinin oxlarından dolu peykandır gözüm.
Yardən ayrıldı, bilməz şami-hicran halını, Seyyidi-biçarə əhvalinə heyrandır gözüm.