Əsas məzmuna keç

Qəzəl

Ta o mahın xətü xalinə nigah eyləmişəm

Seyid Əzim Şirvani

1

Ta o mahın xətü xalinə nigah eyləmişəm, Günümü eşqlə aləmdə siyah eyləmişəm.

Lərzə eylər bədənim kureyi-simab kimi Ki, baxıb ayineyi-hüsnünə ah eyləmişəm.

Göz yaşilə ləbi-dildardən aldım busə, Su qatıb badeyi-gülfamə günah eyləmişəm.

Çox da nadan degiləm, anlamayım xeyrü şərim, Meyə sərf etməyən ovqatı təbah eyləmişəm.

Neylərəm ayü günü, tək meyim olsun, ərəqim Ki, bunu mehri-dirəxşan, onu mah eyləmişəm.

Öpmüşəm gün kimi mən xaki-dəri-dildarı, Hər zaman kim, tələbi-rüfətü cah eyləmişəm.

Aləmin dərdü qəmindən xəbərim yox, Seyyid, Mən ki, meyxanəni illərdi pənah eyləmişəm.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.