Ta ki, taği-zərnigarın çərx viran eyləmiş
Ta ki, taği-zərnigarın çərx viran eyləmiş, Xişti-zərrinin səba fərşi-gülüstan eyləmiş.
Katibi-təqdir xətti-səbzə təhrir etməyə Lövhi-gülzari xəzan bərgi zərəfşan eyləmiş.
Qət’ edib fəsli-xəzan abi-rəvan şirazəsin, Nüsxeyi-gülzarın övraqın pərişan eyləmiş.
Dövr cövrün gör ki, nüzhətgahi-əhli-zövq ikən, Cuybari-gülşəni zənciri-zindan eyləmiş.
Eyləmiş tədbiri-təşvişi-xəzan taracının Lalə, rəngin rəxtini dağ içrə pünhan elyəmiş.
Ruzigarın tirə, bəxtin qarə, nitqin lal edib, Matəmi-gül bülbüli zağ ilə yeksan eyləmiş.
Ey Füzuli, dəhr halın şaxi-güldən qıl qiyas Kim, verib əvvəl təcəmmül, sonra üryan eyləmiş.
Lüğət: Zərnigar – qızıl suyu ilə yazılı; Xişt – kərpic; Zərrin – qızıldan qayrılma; Təqdir – əvvəlcədən qərara alınmış; Lövh – lövhə, səhifə. M; Xəzan – payız; Bərg – yarpaq; Rəxt – yatacaq, paltar; Tirə – qaranlıq, tutqun; Zağ – qarğa; Təcəmmül – bəzənib düzənmək, zinətlənmək