Ta ki sən oldun əsiri zülfi-yarın, ey könül
Ta ki sən oldun əsiri zülfi-yarın, ey könül, Qarə oldu yar əlindən ruzigarın, ey könül.
Yüz cəfa gördün, vəli, bir gəz şikayət etmədin, Hansı lütfündən xəcilsən nazlı yarın, ey könül.
Nə ümid ilə, genə dilbər sənə vermiş firib Kim, fərəhnak olmusan, yoxdur qərarın, ey könül.
Yoxsa əğyar ilə görmüşsən genə məhparəni? Bənzəməz hərgünkünə bu ahü zarın, ey könül.
Gər o ahugöz düşə aləmdə bir gün damüvə, San qəzali-çərx olur yerdə şikarın, ey könül.
Aldı əqlü huşüvi şövqi-dəhanı dilbərin, Getdi əldən yox yerə məcmu varın, ey könül.
Xublər zülfinə qoymazdım səni bənd olmağa, Məndə olsaydı əgər kim, ixtiyarın, ey könül.
Ol pəridən çək dedim əl, pəndimi guş etmədin, Nalədir Seyyid kimi indi mədarın, ey könül.