Ta ki gəldi əbrtək rüxsari-mahi-yarə xət
Ta ki gəldi əbrtək rüxsari-mahi-yarə xət, Ruzgarım eylədi ol zülflərtək qarə xət.
Atəşin rüxsarə xəttin gəldi könlüm almağa, Rəsmdir əhli-əzaim kim, salırlar narə xət.
Gülsitani-kuyi-dilbər vəsfinin inşasına, Katibi-qüdrət yazıb reyhan ilə gülzarə xət.
Gəldi xət rüxsarına, üşşaqə dəgdi yarələr, Görməmişdim kim, bu sirri qəlbə vursun yarə xət.
Əşki-gülgundur midadım, xameyi-müjgan ilə Yazdım, ey gül, şami-hicrində dərü divarə xət.
Xətti gəlcək qətli-amə açdı əl ol gül, məgər Hüsn sultanı yazıbdır qətl üçün sərdarə xət.
Qarə olsun ruzigarı xətti-yarın mən kimi, Tirə etdi ruzigarım, Seyyida, ol qarə xət.