Ta ki axşam vəqti gördüm, ey büti-məhru səni
Ta ki axşam vəqti gördüm, ey büti-məhru səni, Gündüzin ta şam olunca istərəm hər su səni.
Ta ki, sən getdin mənim qarşumdan, ey sərvi-rəvan, Dəmbədəm istər rəvan olub gözümdən su səni.
Gəldi yüz min dürlü sövdayi-pərişan başimə, Xanda gördü gözlərim, ey türreyi-hindu səni?
Yarəb, ol çöhrən nə tazə vərdi-əhmərdir sənin, Gül qızarmış xiclətindən, lal edibdir susəni.
Ey Xətayi, sən nə bülbülsən ki, baği-rövzədə Görməmişdir bağban dər gülşəni-minu səni?
Lüğət: Məhru – ayüzlü; Rəvan – həyat, diri, axan, gedən, ruh, can; Vərdi – əhmər – qırmızı gül; Əhmər – qırmızı; Minu – cənnət