Ta dəhanın sirrinə pinhan tələbkar olmuşuq
Ta dəhanın sirrinə pinhan tələbkar olmuşuq, Yox olubdur varımız, dərdə giriftar olmuşuq.
Nəbzimizdən çəkməz əl, ey mah, bir saət təbib, Həsrəti-çeşminlə ol gündən ki, bimar olmuşuq.
Var idik ol ləhzə kim, yox idi ərzü asiman, Ey dəhanın sədqəsi, yoxdan məgər var olmuşuq?
Çəkdilər bazarə ol gün kim, əmanət gövhərin, Canü dildən əl çəkib bizlər xəridar olmuşuq.
Bizdə istehqaq yox, bu nə kərəmdir bilmirəm, Xilqəti-icadə biz hardan səzavar olmuşuq?
Yoxdur, ey arami-can, sənsiz vücudə bir əsər, Fel özün, fail özün, biz nə günəhkar olmuşuq?
İçmişik xümxaneyi-əhbəbtü camından şərab, Seyyida, sərməst ikən aləmdə huşyar olmuşuq.