Əsas məzmuna keç

Qəzəl

Surətin nəqşində könlüm, ey sənəm, heyran olur

İmadəddin Nəsimi

1

Surətin nəqşində könlüm, ey sənəm, heyran olur, Bir nəzər görsəm, camalın dərdimə dərman olur.

Kənzi-məxfidir sənin eşqin, yeri viran könül, Şol cəhətdəndir, şəha, gəncin yeri viran olur.

Leylətül-qədr üştə zülfün, həq kitabıdır üzün, Qibləsi aşiqlərin bil, surəti-rəhman olur.

Cövrünü hər kimsə çəkdi, lütf anındır bigüman, Dilbərin cövrü cəfası aşiqə ehsan olur.

Mah-rüxsarın qatında kim ki, səcdə qılmadı, Divi-məl’undur yəqin, anın adı şeytan olur.

Nəfsini hər kimsə bildi, həqqi bildi bigüman, Zərxəridə qul isə, aləmlərə sultan olur.

Yar ilə bir ol, Nəsimitək, cahanda fariğ ol, Kim ki, aldanmaz cahanda, müşkülü asan olur.

Lüğət: Kənz – Xəzinə; Şol – O; Gənc – Xəzinə; Fariğ – Boş, qayğısız

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.