Sünbülün əbrində üzün mahını pünhan edər
Sünbülün əbrində üzün mahını pünhan edər, Kafəri islama çəkmiş, qarəti-iman edər.
Ey gözüm nuru, gözümdən getmə, iraq olma kim, Canımı yaqdı fəraqın, gözümü giryan edər.
Ənbərəfşan zülfünü dağıtma nəsrin üzrə kim, Aşiqin könlün pərişan, halı sərgərdan edər.
Gərçi lə’lin can verir aşiqlərə Isa kimi, Gözlərin sevda meyindən əsrimişdir, qan edər.
Gərçi günəşdəndürür tabəndə mahın təl’əti, Ey qəmər, xurşidü mahı təl’ətin taban edər.
Gəl məni qurtar fərağından ki, kafər canına Damu etməz şol əzabı kim, mana hicran edər.
Can ilə iki cahanın ver, nigarın vəslin al, Kim bu bey’i qılmadı, sərmayəsi xüsran edər.
Lə’lü mərcanın gözündən axıdar dürdanələr, Gör bu ən’amı mana kim, lə’l ilə mərcan edər.
Gül yanağın həsrətindən ağlasam, eyb etmə kim, Bülbülü şövqündə giryan şol güli-xəndan edər.
Sorma eşqin dərdini dərman təbibi-amə kim, Yarə sor anı ki, aşiq dərdinə dərman edər.
Zülfü xalından Nəsimi əbcədi qıldı tamam, Şimdi üzündən bəyani-surəti-rəhman edər.
Lüğət: Giryan – Ağlar; Ənbərəfşan – Ənbər saçan; Sevda – 1. Öd. 2. Məhəbbət; Tabəndə – Parıldayan; Qəmər – Ay; Xurşid – Günəş; Damu – Cəhənnəm; Şol – O; Xüsran – Ziyan, ölüm I