Sübh salıb mah rüxündən niqab
Sübh salıb mah rüxündən niqab, Çıx ki, təmaşayə çıxa afitab!
Rişteyi-canım yetər et bir gireh, Salma səri-zülfi-səmənsayə tab.
Məst çıxıb, salma nəzər hər yana, Görmə rəva kim, ola aləm xərab.
Kəsmə nəzər canibi-üşşaqdən, Naleyi-dilsuzdan et ictinab.
Şamlər əncüm sayıram sübhədək, Ey şəbi-hicrin mənə ruzi-hesab.
Duzəxə girməz sitəmindən yanan, Qabili-cənnət degil əhli-əzab.
Saldı ayaqdan qəmi-aləm məni, Ver mənə qəm dəf’inə, saqi, şərab!
Rəhm qıl üftadələrin halinə, Hiç gərəkməzmi sənə bir səvab?
Yar sual etsə ki, halın nədir, Xəstə Füzuli, nə verərsən cəvab?
Lüğət: İctinab – çəkinmək, uzaq durmaq; Əncüm – ulduzlar