Əsas məzmuna keç

Qəzəl

Sübh çəkmiş çərxə, çalmış daşə tiğin afitab

Məhəmməd Füzuli

1

Sübh çəkmiş çərxə, çalmış daşə tiğin afitab, Zahir etmiş ol məhi-dəllakə eyni-intisab.

Dəmbədəm təhriki-tiğindən bulur başlar səfa, Öylə kim, su mövc urub zahir qılır hər dəm hübab.

Hər səri-muyimdə bir baş olsa muyi-sər kimi, Kəssə varın, tiği-xunrizindən etmən ictinab.

Kəşfi-əsrari-məlamət cövhəri-tiğindədir Kim, alır başlardakı sevda cəmalından niqab.

Qüssəsindən başımın qıl kimi incəlmiş tənim Kim, tənimlə tiği ortasında başimdir hicab.

Tiği-çapük seyrinə ahuyi-Çin dersəm nola, Seyr qıldıqca tökər səhrayi-Çinə mişki-nab.

Muyi-jülidəmlə tiğindən ümidim kəsməzəm, Ey Füzuli, xali olmaz bərqi-lame’dən səhab!

Lüğət: Təhrik – hərəkət vermə, tərpənmə; Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük; İctinab – çəkinmək, uzaq durmaq; Əsrar – sirrlər, gizli sözlər; Bərqi – lame’ – ildırım; Səhab – bulud

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.