Su verər hər sübhdəm göz yaşı tiği-ahimə
Su verər hər sübhdəm göz yaşı tiği-ahimə Kim, tökəm qanın sipehrin, salsa mehrin mahimə.
Şəm’i-rüxsarın odu qıldı məni atəşpərəst, Çaki-sinəmdən təmaşa eylə atəşgahimə.
Qəm kimi öldürsə, qanlı tək qaçar məndən yana, Şahi-dərdəm, iltica eylər ülüvvi-cahimə.
Tutiya tək çeşmi-ərbabi-nəzərdir mənzilim, Gərçi xaki-rəhgüzarəm dideyi-bədxahimə.
Bir fəqirəm durmasın kimsə mənə tə’zim üçün, Qanda getsəm, ey gözüm, su səp qübari-rahimə.
Qafiləm sirri-ləbi-canpərvərindən ta xətin, Qondurubdur gərd mir’ati-dili-agahimə.
Ey Füzuli, yarə döndərdim üzüm əğyardən, Xəsmi çox gördüm, sığındım sidqilə Allahimə.
Lüğət: Sipehr – göy, sfera; Ülüvv – ucalıq, yüksəklik; Tutiya – gözə çəkilən maddə; Ərbabi – yəqin – yəqinlik sahibləri, elm ilə yəqin mərtəbəsinə atanlar; Gərd – toz