Əsas məzmuna keç

Qəzəl

Sirri-ənəlhəq söylərəm aləmdə, pünhan gəlmişəm

İmadəddin Nəsimi

1

Sirri-ənəlhəq söylərəm aləmdə, pünhan gəlmişəm, Həm həq derəm, həq məndədir, həm xətmi-insan gəlmişəm.

Həm Lövhü Tovratü Zəbur, Incilü Qur’anü Sühəf, Həm mən kəlami-natiqəm, həm cəm’i-Qur’an gəlmişəm.

Həm ayəti-rəhman mənəm, həm rəhməti-rəhman mənəm, Həm vəhyi-mütləq söylərəm, həm nuri-yəzdən gəlmişəm.

Musa kimi didarına müştaqsan, gəl üştə gör, Anəstünaram, həm şəcər, Musi-bin-Imran gəlmişəm.

Sevdan ilə məst olmuşam, həm içmişəm qəmdən müdam, Məsti-ələstin camıyam niçün ki, tüğyan gəlmişəm.

Həm mən qələndərsurətəm, fərdəm, mücərrəd təcridəm, Oldum fəqirü həm gəda, həm mülkə sultan gəlmişəm.

La-reybə-illa vəchəhu gəldi anın vəchində uş, Aləmdə hüsnün vəchinə mən vəchi-bürhan gəlmişəm.

Hüsnü camalın nəqşini gördü əzəldə gözlərim, Bu hüsnə heyran olmuşam, mən nəqşə heyran gəlmişəm.

Mişkin saçın zülmatına yol bulmaq istər, Xızrı gör, Lə’lin şərabın içmişəm, mən abi-heyvan gəlmişəm.

Gəlmiş cahana şərh edər şimdi Nəsimi həq sözün, Ani kim idrak eyləsin, mən sirri-pünhan gəlmişəm?!

______________________Milli Kitabxana_______________________

Lüğət: Şəcər – Ağac; Sevda – 1. Öd, 2. Məhəbbət; Fəqir – Yoxsul; Bürhan – Dəlil, sübut; Bulmaq – 1. Olmaq. 2. Tapmaq

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.