Sipehrin fariğəm vəslində mahü aftabindən
Sipehrin fariğəm vəslində mahü aftabindən, Qərəz eydi-vüsalındır bu ayü gün hesabindən.
Təmaşayi-rüxün əzminə çıxdı afitab, əmma Gəlirkən sür’ətilən düşdü yüz yerdə şitabindən.
Fələk məhcubdur, şəm’i-rüxündən yandırıb çərxi, Çıxarmaq istər onu şö’leyi-ahim hicabindən.
Fələk eşqində ol qayətdə, ey məh, müztərib olmuş Ki, hər nə eyləsə bilməz nə eylər iztirabindən.
Günəş lövhi degil gögdə şüa’ üstündə zərrinxət, Fələk almış əlinə bir vərəq hüsnün kitabindən.
Dəgirmən danə içün cizginür, bihudə dövr etməz, Mücərrədsən, könül, vəhm etmə çərxin inqilabindən!
Kimi hüşyar görsən sən, ona ver cami-mey, saqi, Bihəmdillah, Füzuli məstdir vəhdət şərabindən.
Lüğət: Sipehr – göy, sfera; Müztərib – iztirablı, narahat. N; Lövh – lövhə, səhifə. M