Şuri-eşqin başıma axırı sövda gətirir
Şuri-eşqin başıma axırı sövda gətirir, Bu müşəxxəsdi ki, eşq aşiqə qovğa gətirir.
Tari-zülfündü məni böylə giriftar eləyib, Nə gələ başıma, ol zülfi-mütərra gətirir.
Gül üzün görmək əgər mümkün olaydı bir dəm, Hər zaman görmək onu nuri-mücəlla gətirir.
Qaşü göz, novki-müjə fitnə üçün cəm olmuş, Ox atıb, tiğ çəkib, hər biri dəva gətirir.
Könlümü qarət edir öylə ki, tari-zülfün, Rumə, sanki həbəşi ləşkəri-yəğma gətirir.
Naqənin varmı şüuru bula aşiq kuyin, Onu Məcnunə tərəf cəzbeyi-Leyla gətirir.
Yusifin sanma, dübarə görə Yəqub üzün, Mehr bazarına gər getsə, Züleyxa gətirir.
Yusifi Misrdə kər aldı Züleyxa nəqdə, Nəqdi-can, aşıq olan, əldə mühəyya gətirir.
Sidqi-qəlb ilə nisar etmiş idin can nəqdin, Natəvan, müjdə bu gün, qətlinə fərma gətirir.
Lüğət: Mütərra – dağınıq; Mücəlla – cilalı, parlaq; Novk – uc; Müjə – kiprik; Yəğma – qarət Z; Naqə – dəvə; Leyl – gecə; Kər – kar; Mühəyya – hazır; Nisar – saçmaq; Natəvan – qüvvəsiz, halsız, köməksiz