Əsas məzmuna keç

Qəzəl

Şol pəridən vəsl umarsan, ey könül, divanəsən

İmadəddin Nəsimi

1

Şol pəridən vəsl umarsan, ey könül, divanəsən. Şəm’ə yaxılmaq dilərsən, nə əcəb pərvanəsən.

Küntə kənzin gövhərindən xərc edərsən arifə, Ey bu gəncin nəqdi, hey-hey büləcəb viranəsən.

Zülf çövkan yar ilə düşməz nihan eşq oynamaq, Başını top eyləgil, meydana gir mərdanə sən.

Gər Xəlil olmaq dilərsən yar ilə gerçəkləyin, Dilbərin yolunda şərt əvvəl budur kim, yanəsən.

Aşinayı bilməmiş sən, ey bilişdən yad olan, Mə’rifətdən dəm urarsan, neyləyim biganəsən.

Canların cananı sənsən, ey cahanın sərvəri, Doğrusu pakizə cövhər, nazənin cananəsən.

Qəmzəsindən fitnələr durdu, oyandı uyxudan, Sən bu uyxudan qaçan, ey bixəbər, oyanəsən?

Ey Süleyman məntiqindən quş dilin ögrənməyən, Divə uymuşsan, anunçün tabeyi-əfsanəsən.

Gəl ənəlhəq sirrini meyxanəvü meydən eşit, Ey düşən inkarə, niçün münkiri-meyxanəsən?

Ey Nəsimi, şol xumari gözləri fəttan kimi, Daim əsrüksən, məgər kim, nərgisi-məstanəsən?

Lüğət: Şol – O; Kənz – Xəzinə; Gənc – Xəzinə; Münkir – İnkar edən

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.