Əsas məzmuna keç

Qəzəl

Şərbətin acı firqətin nuş edərəm şəkər kimi

İmadəddin Nəsimi

1

Şərbətin acı firqətin nuş edərəm şəkər kimi, Canımı dutmuşam qəmin qarşısına sipər kimi.

Yaxma məni fəraqilən, çünki mən, ey üzü qəmər, Xalisü müxlis olmuşam eşqi-rüxündə zər kimi.

Qurmağa qoyma yayını, salma məni fəraqə kim, Doğramış oxları anın yürəgimi zəhər kimi.

Ta bilələr ki, məğribin günəşi doğdu, ey qəmər, Türfə niqabını götür, xalqa görün qəmər kimi.

Kim ki, mələk kimi sana qılmadı səcdə, ey sənəm, Ta əbəd adı div imiş münkiri-bibəsər kimi.

Gərçi hidayət eylədi Musayı nara ol şəcər, Aşiqə hadidir üzün, nuruna ol şəcər kimi.

Sidqü səfavü zövqilən həqqə ulaş və vasil ol, Zənnü gümanə möhtəmil olma əgər-məgər kimi.

Səndən əzəldə, ey qəmər, aşiqə gəldi bir xəbər, Bir dəxi səndən istərəm, ancılayın xəbər kimi.

Xalü xətin Nəsimiyi oda buraxdı, yandırır, Gör necə xoş yanar, tütər, mişk ilə udi-tər kimi.

Lüğət: Qəmər – Ay; Zər – Qızıl; Türfə – Yeni, əcaib şey; Münkir – İnkar edən; Hidayət – Doğru yolda rəhbərlik; Şəcər – Ağac; Hadi – Düz yolla aparan; Möhtəmil – Ehtimal edilən

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.