Şəm’i-ruyin afitabi-aləmaradır sənin
Şəm’i-ruyin afitabi-aləmaradır sənin, Nuri-həq xurşidi-rüxsarında peydadır sənin.
Sənsən ol cövhər ki, dürci-mümkinat içrə bu gün, Mümkün olan eybdən zatın mübərradır sənin.
Can verir lə’lin təmənnasında min abi-həyat, Feyzinə ləbtəşnə yüz Xizrü Məsihadır sənin.
Sərvü gül nəzzarəsin neylər sənə heyran olan Kim, qədin sərvü rüxün gülbərgi-rə’nadır sənin.
Razi-eşqin xəlqdən qılmaq nihan mümkün degil, Aşiqin ol vəchdən aləmdə rüsvadır sənin.
Qıldı şövqün əşk qəvvası gözüm mərdümlərin, Ey düri-tər, mənzilin guya bir dəryadır sənin.
Cümlə afaq əhldən çəkmiş təəllüq damənin, Ta Füzuli xəstəyə vəslin təmənnadır sənin.
Lüğət: Mübərra – təmiz, pak; Əşk – göz yaşı; Qəvvas – dalğc; Afaq – üfüqlər