Əsas məzmuna keç

Qəzəl

Şəm’i-fələk hüsnünə pərvanədir

İmadəddin Nəsimi

2

Şəm’i-fələk hüsnünə pərvanədir, Canü cahan vəslinə şükranədir.

Çəkdi saçın könlümü zəncirinə, Şol dəliyi gör ki, nə divanədir.

Nərgisi-məstin olalı meyfüruş, Guşənişinin yeri meyxanədir.

Lə’li-ləbin rihi-müsəffasına, Ruhi-müqəddəs kiçi peymanədir.

Türrələrin fikrinə düşdü könül, Fikrini gör kim, nə pərişanədir?

Batini mə’mur olanın batini Eşqi-rüxün gəncinə viranədir.

Ey ləbü dəndanına olmuş tüfeyl, Qandakı bir lə’l ilə dürdanədir?

Şəm’ə deyən razını pərvanənin, Çarəsi yanmaqdır anın, ya nədir?

Çəkdi saçın dama məni xal ilə, Xalını gör kim, nə bəla danədir.

Kim ki, camalın sifətin söyləməz, Söylədiyi qissəvü əfsanədir.

Eşqə Nəsimi verəli canını, Həq bilir anı ki, nə cananədir.

Lüğət: Şol – O; Meyfüruş – Meysatan

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.