Şəha, çün surətin Fürqanımızdır
Şəha, çün surətin Fürqanımızdır, Ol on dörd xət bizim Qur’anımızdır.
Qaşınla kirpigin, zülfün səvadı, Dəlilü höccətü bürhanımızdır.
Sifatinda müənbər küfri-zülfün, Bəyazi-vəch ilə imanımızdır.
Rüxün lövhündəki on altı xəttin Ələl-ərş üstüva rəhmanımızdır.
Necə tərkini qılsın can sənin kim, Əzəldən çün ki, canın canımızdır.
Gəl, ey dərviş olan dövri-qəmərdə Sürək dövran ki, xoş dövranımızdır.
Bu gün çün eydi-əkbərdir camalın, Nəsiminin canı qurbanımızdır.
Lüğət: Qəmər – Ay