Əsas məzmuna keç

Qəzəl

Şahidi-laşərikə ləh şol sənəmin camalıdır

İmadəddin Nəsimi

1

Şahidi-laşərikə ləh şol sənəmin camalıdır, Leysə kəmislihi anın nun ilə mimü dalıdır.

Çöhrəsi gərçi nur ilə kəşfi-hicabi-vəch edər, Vəchə işarət eyləyən ol qəmərin hilalıdır.

Gərçi hər ayda bir gecə aya kamal irir, vəli Yüz qəmər irməz anda kim, ol qəmərin kamalıdır.

Surəti gərçi hüsn ilə cuşa gətirdi aləmi, Fitnəyi qoparan anın qaş ilə zülfü xalıdır.

Axirətin nəiminə olma hərisü baxma kim, Hur ilə cənnətü liqa cümlə anın vüsalıdır.

Mehri-rüxün nə vəch ilə qabil ola zavala kim, Vəsfi-camalın, ey günəş, ayəti-bizəvalidir.

Şübheyi-laşərikə ləh ta biləsən ki, məndə yox, Güzgüyə baxü güzgüdə gör ki, nəyin misalıdır.

Vəslə qənaət etmişəm, dünyavü axirət sana, Aşiqə şol müşahidə ne’məti-layəzalidir.

Şükr edərəm ilahimə hər nəfəs, ey Nəsimi kim, Əhli-kamala məntiqin rəhməti-zülcəlalidir.

Lüğət: Şahid – Gözəl, sevimli; Şol – O; Nur – İşıq; Qəmər – Ay; Layəzal – Ölməz, əbədi

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.