Seyr qıl, gör kim, gülüstanın nə abü tabı var
Seyr qıl, gör kim, gülüstanın nə abü tabı var, Hər tərəf min sərvi-sərsəbzü güli-sirabı var.
Pəncəyi-bərgi-çinar etmiş mühəyya şanələr, Anlamış guya ki, sünbül kakilinin tabı var.
Rahət içün fərş salmış məbzeyi-tər gülşənə, Nərgisin görmüş gözün məxmur, sanmış xabı var.
Bulunur hər dərdə istərsən, gülüstanda dəva, Höqqəsində qönçənin guya şəfa cüllabı var.
Güldü gül, açıldı nərgis, lalə doldu jalədən, Ey xoş ol kim, işrətü eyş etməyə əsbabı var.
Qalib olmuş xəlqə zövqi-seyri-gülşən, guiya Çəkməyə xəlqi bənəfşə zülfünün qüllabı var.
Gər Füzuli meyli-gülzar etsə fəsli-gül, nola Eyş üçün xunabeyi-dildən şərabi-nabı var.
Lüğət: Bərg – yarpaq; Cüllab – gül suyu, gülab, gül suyundan şərbət; Qüllab – çəngəl, qarmaq