Əsas məzmuna keç

Qəzəl

Sevgilim, sən kimi heç ölkədə canan yoxdur

Məhəmmədəli Şəfai

4

Sevgilim, sən kimi heç ölkədə canan yoxdur, Heç gülüstanda sənin tək güli-xəndan yoxdur.

Qaşların ayparadır, ol qara gözlər şəhla, Saçların telləri tək sünbülü reyhan yoxdur.

Yerişin şivəsi tavusu xəcil etmədədir, Şux boyun bənzəri bir sərvi xuraman yoxdur.

Bilmə yalnız hələ bu şəhrə salıbsan aşub, Hansı yerdir o ki, minlər sənə heyran yoxdur.

Azəristan gözəlisən, nə Xətada, Çində, Sən gözəllikdə gözü sürməli ceyran yoxdur.

Surətin gördü kitab içrə keçən gün zahid, Dedi:—cənnətdə belə huri, belə can yoxdur.

Mənə eşqində o kəslər ki, məzəmmətlər edər, Görməyiblər səni, onlarda da nöqsan yoxdur.

Söylə şad olmasın əğyar bu hicranımdan, Sən ki, qəlbimdəsən ey məh, mənə hicran yoxdur.

Mərəzi-eşqə dəva sordu Şəfai, dedilər: Sevgili ləbləri tək aşiqə dərman yoxdur.

Məhəmmədəli Şəfai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.