Sevgilim, islah üçün dünyada, sülh istər könül
Sevgilim, islah üçün dünyada, sülh istər könül, Xəlqi-aləm içrə bir azadə, sülh istər könül.
Şən həyat, dinc bir yaşayış, bəxtəvər bir ruzgar, Qurmağa bu dəhri-pürmənadə, sülh istər könül.
Sülhdür, bir novbahari-aləmara, feyzbəxş. Şən yaşar hər kəs, o şən dünyada, sülh istər könül.
Sülhdür, biganə ləfzin dillərə yad eyləyən, Sülhdür, xoş aşinayə, yadə, sülh istər könül.
Etməyə insan bəlayi-hərbdən canın xilas, Yetməgə imdad üçün fəryadə, sülh istər könül.
Hərbdir insana düşmən, qan içən bir zülmkar, Qəlbdən nifrət o zalım adə, sülh istər könül.
Hərbdir kim qırdırır insanı öz həmcinsinə, Lənət ol qanlar tökən cəlladə, sülh istər könül.
Hərb tufanilə bərbad olmuş aləm gülşəni, Dönməgə bir cənnəti-abadə, sülh istər könül.
Sülhdür, bir mehriban dildar, mehrəngiz yar, Ah, mən muştaqəm ol dilşadə, sülh istər könül.
Sülhdür, eşqü məhəbbət, sülhdür vəslü vüsal, Sülhdür, bir nazənini-sadə, sülh istər könül.
Saqiya, bəsdir uzaqlaşdın Şəfaidən daha, Lütf elə, sülh eşqinə ver badə, sülh istər könül.